Zwinger (Dresden)
( Zvinger (Drezden) )Zvinger (alm. Zwinger; tələffüzü — [ˈt͡svingæː]) — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksi. Memar Matteus Daniel Pöppelmannın və heykəltəraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltəraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar.
Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Güclü Avqust" kimi də tanıyırdıl...Read more
Zvinger (alm. Zwinger; tələffüzü — [ˈt͡svingæː]) — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksi. Memar Matteus Daniel Pöppelmannın və heykəltəraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltəraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar.
Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Güclü Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. Kurfürstun orijinal konsepsiyasında, Zvinger Köhnə qəsrin yeni həyəti kimi Elba çayının sahilində yerləşəcəyi düşünülmüşdür, buna görə də Elba istiqamətində olan torpaq sahələri elə başlanğıcdan toxunulmayan ərazi kimi qorunub saxlanılırdı (əvvəlcədən qalın divarlarla hasarlanmışdır). Kurfürstün ölümündən sonra, Yeni qəsr binası üçün uzun illər tərtib olunan plan və eskizlər lazımsız əşya kimi atılır, barokko üslubuna olan moda azaldıqdan sonra isə, Zvinger sarayı özünün ilkin əhəmiyyətini itirməyə başlayır. Ancaq sonralar, yəni bir əsr kedikdən sonra memar Qottfrid Zemper çayın sahili boyunca gələcəkdə özünün adını daşıyacaq geniş qalereyaların tikintisinə başlayır və beləliklə də, boş qalmış ərazilər nəhayət ümumi vəhdət şəklində tamamlanır.
1855-ci ildə yüksək təbəqədən olan ictimaiyyət üçün açılmış Zemper qalereyası, XIX əsr Almaniyasının ən böyük muzey layihələrindən birinə çevrilir və məhz bu layihə XVIII əsrdən bəri genişlənən Zvinger sarayının geniş muzey kompleksinə çevrilməsinə imkan yaratdı. 13 və 14 fevral 1945-ci ildə baş vermiş hava hücumları zamanı, bütövlükdə Drezdenin köhnə hissəsi və xüsusən də Zvinger kütləvi dağıntılara məruz qalmışdır. 1950–1960-cı illərdə aparılan yenidənqurma və bərpa işlərindən sonra, Zvinger sarayının kompleksinə daxil olan Drezden rəsm qalereyasında, Fizika-riyaziyyat salonunda və Çini kolleksiyasında saxlanılan minlərlə dünyə əhəmiyyətli eksponatlar ziyarətçilərə nümayiş olunmuşdur. İlkin məqsəddə istixana, oranjereya, bağ və festival meydançası kimi istifadə olunan saray arxa planhal-hazırda sırf muzey kimi fəaliyyət göstərir; bununla belə, müxtəlif bayram və şəhər günlərində burada böyük coşğu ilə musiqi və teatr tədbirləri keçirilir.
"Zvinger" sözünün mənası, onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini məhz bu cür adlandırırlar. Arxeoloji tətqiqatlar nəticəsində məlum olmuşdur ki, birinci şəhər divarının tikintisi çox güman ki, XII əsrin son rübündə başlamışdır. "Civitas" adlı tarixi səlnamə və sənədlərdə Drezden qəsrinin adı ilk dəfə 1216-cı ildə qapalı istehkam qurğuları qismində qeyd olunur. Qusçular hərəkatı ilə əlaqədar, şəhər istehkamları daha da möhkəmləndirilir, 1427-ci ildə isə istehkamın ətrafında əlavə bayır divarları da inşa olunur. Bu dəyişikliklər Vilsdruffer darvazalarının yaxınlığında başlamışdır. Bəzi yerlərdə köhnə kotlovanlar və uzun xəndəklər ərazidən köçürülməli və doldurulmalı idi. Bu zaman yaranan divar aralıqları "Zvinger" adlandırırdılar və qəsri üç tərəfdən əhatə edən həmin bu boşluqları bağ kimi istifadə edirdilər. Beləliklə zamanla genişlənən Zvinger bağları və onların tutduqları bu ərazilər, şəhərin qərb sahilində bir zamanlar yerləşmiş istehkam qurğularının dəqiq yerlərini müəyyən etməyə problemlər yaratmışdır.[1][2] Saray kompleksi genişləndikcə, qala divarları tədricən demontaj olunurdu və buna görə də daha sonrakı illərdə tərtib olunmuş şəhər xəritələrdə, əvvəlki istehkamın yerləşdiyi ərazilər müxtəlif cür təsvir olunurdu; bununla belə xəritə tərtibatçıları həmin istehkam qalıqlarını daim Zvinger arealının bilavasitə yaxınlığında olduğunu da qeyd etməyi unutmurdular.
Gül və çiçəklərlə dolu Zvinger bağı xarici və daxili qala divarlarının arasındakı dar val ərazisində salınmışdır. XVIII əsrdə həmin bağın yaxınlığında sarayın inşaatına start verilmişdir və ümumi kompozisiya yaratmaq məqsədilə, gələcək saraya da bağın adı verilmişdir. Hazırda sarayın fasadında keçmiş daxili qala divarlarının izlərini müşayiət etmək olar; xarici qala divarları isə artıq o dövrdə öz əhəmiyyətini itirmiş və sökülmüşdür.[3]
Zvinger sahələrində erkən şəhər və məkan inkişafıXVI əsrin sonunadək hazırki saray kompleksinin arealı şəhər istehkamlarının inşası ərazisindən kənarda idi. Rokko Gerrini Konte di Linari (Florensiya şəhərinin ətraf rayonlarının birindən olan memar) kurfürst Avqust üçün 1569-cu ildən Köhnə qəsrdən (saraydan) qərbdə qala qurğularının yenidən qurulması və yenidən tikilməsi üzrə mühüm işlər həyata keçirmişdir. 1572-ci ilə memar tərəfindən inşaat işlərinin bir hissəsi artıq tamamlanır. Həmçinin məlum olmuşdur ki, ərazi boyu axan Elba çayının sağ qolu Vaysseritz çayından lazımi suyun istifadəsi daha sərfəlidir. Bunun ardınca Linar 1573-cü ildə öz planını yeniləmiş və çayın məcrasını dəyişmək və yaxınlıqda əlavə bastionun tikilməsi üçün müxtəlif təkliflər irəli sürmüşdür. Həmin bastion "Luna" adı ilə daha sonra məşhurlaşır. Həmin arealda Zvingerin barokko üslublu sarayının və meydanın yaranmasına başlanıldı. Ərazidə aparılan işlərin daha keyfiyyətli görülməsi üçün, layihəyə rəhbərlik memar Linardan alınaraq, tikinti ustası Paul Buxner və Andreas Hessenə verilmişdir. Həmin dövrdə tərtib olunmuş taxta modellər sonralar Yaşıl qübbənin inşasında istifadə olunmuşdur.[4]
Zvinger bağlarının inşaatıZvinger parkının abadlaşdırılması üçün ilk addımlar kurfürst Moritz tərəfindən atılmışdır; o, 1549-cu ildə öz saray bağbanı Nikolaus Fuksa Praqa şəhərində yerləşən Qəsr bağı nümunəsində bir parkın salınması barədə sərəncam verir. Kurfürst öz həyat yoldaşı Anna ilə birlikdə Sakson saray-park üslubunun yaradıcıları hesab olunurlar. Kurfürstün bağçılıq vərdişləri və bacarıqları, eləcə də onun bütün fərmanları sənədləşdirilmişdir: …Torpağın yaxşılaşdırılması üçün park və dendrarilərin yerləşdiyi qərb inşaat ərazisinə (burada Drezdenin köhnə istehkamları nəzərdə tutulur), müqəddəs Yakov hospitalının (alm. Jacobsspital) yaxınlığındakı göldən münbit torpaq və lil gətirilsin….[5]
Moritzin varisləri olan kurfürstlər I Xristian və II Xristian vallarda gözəl bağların (eyni zamanda da canlı çəpərin) inkişafına, yeni yolların və bağ tingliklərin yaradılmasına və həmçinin dekorativ daşlarla bəzədilmiş çiçək kərdilərinin tətbiqinə imkan yaratmışdılar[6]. Bağların yetişdirilməsində saray əhli tərəfindən böyük iştirak və maraq məhz II Yohann Georqun hakimiyyəti dövründə ayrılmışdır. Bu zaman müxtəlif meyvə növlərinin kultivasiyası həyata keçirilmişdir. O dövrün səlnaməçilərindən birisi bu haqqda bunları qeyd etmişdir: …Böyük knyaz qəsri və iqamətgahının ərazisində olan Zvinger bağında müxtəlif növ qəribə ağac yetişdirilirdi. ağacların arasında çox ekzotik yarımnövlər də vardı — məsələn əncir ağacının gövdəsi elə böyük idi ki, insan əlləri onu əhatə edə bilmirdi, onun meyvələri isə gözəl və təravətli idi…[7] Limon və portağallar şimalda tam şəkildə dəymirlər, lakin burada hətta yetişməmiş meyvələr belə parlaq çalarlara malik idi. İlin isti mövsümlərində bitkilər istixanada yerləşən çəlləklərdən həyətə çıxardılır və onlardan həndəsi cərgəli xiyabanlar yaradılırdı.
Kral I Avqustun hakimiyyəti dövründə sarayın inşaatıKurfürst Fridrix Avqustun (Güclü Avqust) səltənəti Drezden şəhər planlaşdırılmasının intensiv inkişafı ilə bağlıdır. Kurfürstün 1694-cü ildən başlayan hakimiyyət dövründə Drezden şəhərinin binaları əsrarəngiz taxta memarlığı ilə əlamətdar olmuşdur. Bundan başqa 1687–1689-cu illərdə həyata keçirilən Avropa səhayəti onlarda ciddi təəssüratlar yaradaraq öz doğma şəhərlərində Fransa və İtaliya memarlığının tələblərinə cavab verən möhtəşəm memarlıq kompleksi yaratmaq istəyi oyandırdı. Buna görə də, o, planlaşdırma və bədii həll işində fransız və italyan memarlarının təsirinə xüsusi diqqət yetirdi. Onun əsas xidməti kimi, şəhərin ümumi görünüşünün daş binalar və sıx bağlar vasitəsi ilə fəyişdirilməsini qeyd etmək olar. 1701-ci ildə qəsrdə baş vermiş yanğın hadisəsi, ümumi əhali sayı 30000 olan Drezdenin yaşayış sahələrinin genişləndirilməsinə səbəb olmuşdur. I Fridrix Avqust çoxsaylı səyahətləri zamanı böyük təcrübə qazandığından, Zvinger sarayının layihəsini şəxsən özü tərtib etmişdir.
İlk qiymətləndirmə nəticələri artıq 1701-ci ildə təqdim edildi: planda bağlar (hərfi tərcümədə: həyətlər) və meydanları olan sarayın inşası nəzərdə tutulurdu. Köhnə bağ-oranjereya plana cavab vermədiyi üçün lazımsız görünürdü; ola bilsin ki, kurfürstün marağına onun uşaqlıq xatirələri də təsir etmişdir, belə ki, balaca vaxtı onun da iştirakı ilə hazırlanan teatr səhnəciklərində o, bağban köməkçisi rolunu canlandırırdı. Kompleksin dövrümüzə çatmış ən erkən planının müəllifi saray memarı Markus Konrad Ditsedir.[8] Plan bu cür adlandırılmışdır: "Əlahəzrət kralın və hörmətli Saksoniya kurfürstünün şəxsi göstərişi ilə sadiq icraçı memar Ditse tərəfindən 1703-cü ildə hazırlanmış Drezden sarayının planı". "İti bucaqlar" (alm. zur scharfen Ecke) adlı köhnə bastionun yerində Lustqarten adlı memarlıq-park ansamblı tərtib olunmuşdur.[9] Sənətşünas Qurlitt bu bürcün (yəni bastionun) yerləşdiyi ərazidə "Kurdonör" şadlıq mərasimlərini keçirmək üçün istifadə imkanı ilə kurfürstün niyyətlərini təsvir edir.[10]
Barokko üslublu Zvinger sarayının tarixi 1709-cu ildə başlamışdır; məhz kral Avqustun əmri ilə, hazırki Theaterplatz meydanının ərazisində taxta konstruksiyaların inşaatına start verilir.[11] Kral və memar Pöppelmann ixtiraçılıq qabiliyyəti ilə öz aralarında bəhsə gedirdilər və nəhayət, sonda oranjereyanın əvəzində mərasim və təntənəli bayram şənlikləri üçün tikili yaradılmışdır. Düzdür şəhər rəhbərliyi bunun üçün böyük qurbanlar verməyə məcbur olmuşdur: şəhəri qoruyan bürclərin bir hissəsi sökülür, qumdaşından hazırlanmış sütun, dayaq və monumental heykəltəraşlıq nümunələrini inşaat ərazisinə çatdırmaq məqsədilə, Köniqştayn şəhərindən başlayaraq Drezdenə qədər olan Elba çayının məsafə dairəsi dərinləşdirmişdir.
Memar M.D.Pöppelmann (onun atası tacir idi və Vestfaliya krallığının Herford şəhərində olmuşdur) 47 yaşında Zvingerin tikintisinə rəhbərlik etməyə başlamışdır. Buna qədər o, 20 ildən çox Drezden saray həyətində krala xidmət etmişdir və yalnız 1705-ci ildə, yəni kralın ölümündən sonra Fridrix Avqust tərəfindən Saksoniya torpağının memarı təyin olunmuş və memarın sərbəst fəaliyyət göstərməsinə imkan yaradılmışdır. 1707-ci ildən başlayaraq Pöppelmann Taşenberq sarayının tikintisində iştirak edir (onun xarabalıqları hal-hazırda Zəng pavilyonunun qarşısında yerləşir). Hələ 1709-cu ildə memar terraslar əvəzinə iki yumru qalereyanı tikmək qərarına gəlir — bu qalereyalar ağaclar üçün daimi qış otaqları kimi xidmət etməli idi. Pöppelmann girdə qalereyaları pilləkənlərlə bağa keçid yaradan alçaq terrasların üzərinə yerləşdirir, geniş damın üzərində isə, promenad üçün ayrıca yuxarı terras yaradır. Qalereyanın pəncərələri döşəməyə qədər uzanır və hər pəncərənin qarşısında konsol yerləşirdi; isti mövsümlərdə ağır çəlləklərdə saxlanılan sitrus ağaclar buradan bayıra çıxarılırdı.
Tağlı qalereyaların, Nümfenbad (Nimfaların çay hamamı) və gələcəkdə Riyaziyyat və Fizika salonu adı ilə məşhurlaşacaq obyektlərin tikinti işləri XVII əsrdən başlamışdır. Fridrix Avqust memar Pöppelmannı əlavə təcrübə qazanması üçün Vyana və Roma şəhərlərinə göndərir. 1710-cu ildə Saksoniyaya geri dönən Pöppelmann, krala girdə qalereyaların hər iki mərkəzində ikimərtəbəli pavilyonları əlavə etməyi, Zvinger valı və bağı arasındakı yuxarı və aşağı səviyyələri isə, fəvvarə və süni şəlalələrin yaradılmasında istifadə etməyi təklif edir — durğun və axar su bu zaman memarlıqda xüsusi memarlıq funksiyasını daşıyır. Beləliklə, Zvingerdə məşhur "su teatrı" yaranır (sonralar bu attraksion "Nümfenbad" adlandırılmışdır). Saray memarlığını heykəltəraş və landşaft ustası Baltazar Permozer tərəfindən hazırlanmış fəvvarə və gözəl heykəltəraşlıq nümunələri tamamlayırdı. Permozer ilə yanaşı bu layihədə Yohann Benjamin Tromay, Paul Heermann, Yohann Kristian Kirxner, Yohann Matteus Oberşall və Sittaulu Yohann Yoaxim Kretzşmar kimi istedadlı heykəltəraşlar da iştirak edirdilər.[12]
1712-ci ildə hər iki girdə qalereyanın, bir ildən sonra isə hər iki künc pavilyonun tikinti işləri başa çatmışdır. Bunun ardınca hər iki cənub qalereyanın və Kronentor (yəni "taclı qapı") adlı giriş qapısının inşasına start verilmişdir. Taclı giriş hissəsi ilə bəzədilmiş düz qalereyaların tikintisi zamanı, Drezden qalası özünün müdafiə qurğuları və mühafizə xəndəyindən məhrum olmuşdur (onun ortasından taxta körpü salınmışdı və düşmən hücumu zamanı onu asanlıqla məhv etmək mümkün idi). Bununla belə, 1715-ci ilə qədər Zvingerin tamamlanmasına yardımçı olabiləcək bir plan tərtib olunmamışdır.
Layihə tərtib olunarkən, tikinti işləri isə hələ yenicə aparılarkən, Pöppelmann öz layihəsinin daha da mükəmməlləşdirilməsinə stimul vermək və öz etdiyi tədqiqatları müqayisə etmək üçün müxtəlif Avropa şəhərlərinə səfər edirdi. O, öz sifarişçinin hesabına 1710-cu ildə Praqa, Vyana, Florensiya, oradan isə Roma və Neapol şəhərinə gedir. Kurfürst hətta 1710-cu ilin yanvar ayının 4-də xüsusi bir sərəncam vermişdi: …memar Pöppelmann daha sonra Vyana və Roma şəhərlərini ziyarət etməli və yerli memarların saray və bağ tikintisində istifadə etdikləri üsullarla yaxından tanış olmalıdır…. Pöppelmann Praqa şəhərində memar Kristof Dintsenhoferin müəllif olduğu cəsarətli Bohemiya barokko üslubunu tədqiq etməyə başlayır (Dintsenhofer Praqanın Mala Strana rayonunda Müqəddəs Nikolay kilsəsini və Broynau (Brjevnov) monastırını inşa etmişdir).[13]
Saray tikililərinin və onların interyerlərinin öyrənilməsi üçün Pöppelmann 1715-ci ildə Parisə göndərilmişdi. Burada o, Versal saray-park kompleksi və Sen Klu şəhərindəki parkda quraşdırılmış Andre Le-Notrun fəvvarələri ilə tanış olur. Bu insan həmçinin Versal parkını da yaratmışdı və buna görə XIV Lüdovik tərəfindən "Baş landşaft memarı" rütbəsinə layiq görülmüşdü — yəni qısası, o, bağçılıqda müasir peşəkar nüfuzlardan birisi idi. Marli-Le-Rua şəhərində gördüyü Eden əyləncə parkı (Lustpark) isə, onda çox böyük təəssürat yaratmışdı; memar Jül Arduen-Mansar tərəfindən burada nəhəng fəvvarə kompleksi yaradılmışdır. Vətənə geri qayıdarkən, Pöppelmann öz marşrutunu dəyişərək Niderlanda üz tutur; burada o, Rotterdam, Delft, Leyden, Haarlem və Amsterdam kimi şəhərlərini gəzərək, tipik Holland memarlığı ilə də tanış olmuşdur. Nəhayət Apeldorn şəhərinə gələn memar Pöppelmann, buranın ən diqqətəlayiq abidəsi olan Het Loo qəsrini ziyarət edir — küncvari binanın çox uzun fligeli var idi.[14] Bu vaxt memar bir neçə il ərzində həll etməyə çalışdığı problemin həll yolunu tapır — bütün memarlıq kompleksinin mərkəzi olan və özündə bir neçə mühüm funksiyanı birləşdirən Mil pavilyonu inşa edilir: bu pavilyonda hər iki dairəvi pavilyonun qapıları açılır, pilləkənlər, üç fəvvarə, süni mağara və kiçik parad zalı yerləşir.
Bənd pavilyonunun layihələndirmə işləri 1715-ci ildə başa çatdırılmış; tikintisi isə bir sonra başlamışdır.[15] Oğlunun nikah mərasiminə çox az vaxt qaldığından, kurfürst tikinti işlərinin sürətləndirilməsini tələb edir. Fridrix Avqustun vəliəhdinin toyu vəfat etmiş imperator I Leopoldun böyük qızı Maria Jozefa ilə olmalı idi. Bu nikah sayəsində, Saksoniya Müqəddəs Roma imperiyasının tacını gələcəkdə öz xeyrinə iddia edə bilərdi. Buna görə də, memarlıq ansamblının layiqincə necə başa çatdırmaq haqqda təcili qərar qəbul edilməli idi, çünki onun ərazisi iki tərəfdən (şimaldan və şərqdən) açıq və boş qalmışdır. Hamıya aydın idi ki, bir il ərzində fundamental dəyişiklik etmək mümkünsüz olacaq, ona görə də açıq qalmış ərazilərdə bütün tikililər müvəqqəti kimi ağacdan düzəldilmişdir. Daşdan 1719-cu ilə kimi dəhşətli tələsiklə iki yeni künc pavilyon — Alman pavilyonu, Çini muzeyi və həmçinin Opera teatrı inşa edilmişdir. 1719-cu ilin avqust ayına kimi Zvingerin, o cümlədən müvəqqəti taxta tikililərin inşası nəhayət başa çatır və yeni açılmış sarayın həyətində möhtəşəm atəşfəşanlıq mərasimi düzənlənir.[16] Xərclər ilkin smetanı təxminən üç dəfə üstələmişdir, lakin hətta tamamlanmamış Zvinger bir çox müasirlərin fikrincə "heç nə ilə müqayisə etməyəcək bir şah əsəri idi". Hermann Hekkmannın sözlərinə görə, "1726-cı ilə kimi inşaat işlərinin ümumi məbləği təxmini olaraq 900.000 Taler civarında qiymətləndirmişdi".[17] Musiqili bayram şənliklərinin birində, kurfürst Avqust binanın fasadında öz müdrik kəlamını yerləşdirməyi əmr edir: Ölməzlik knyazlara həm böyük zəfərlər, həm də möhtəşəm binalar gətirir.
Dəbdəbəli toy şənliklərinin sonra dövlət xəzinəsi tamamilə boşalmışdır. Yalnız 1722-ci ildə Zvingerin tikintisindəki ölü dövr başa çatmışdır. Hər iki şərq girdə qalereya və Ştadttor adı ilə tanınan Zəng pavilyonu daşdan tikilmişdir. Pavilyonun ən hündür nöqtəsini "Dəyənəkli Herkules" fiquru bəzəyirdi. Qalan bütün heykəltəraşlıq nümunələri sarayın fasadında yalnız kobud şəkildə yonulmuş daş bloklar kimi yerləşdirilmişdir. Bununla da Zvingerdə bir müddət inşaat işlərinə son qoyulur.
Binalarla əhatə olunmuş məkanı bitkin şəklə salmaq, həyətin isə daim bayramsayağı abu-havasını qoruyub saxlanmaq üçün, kurfürst I Fridrix Avqust 204x 116 metr ölçüdə olan meydanda portağal ağaclarından və ekzotik bitkilərdən ibarət bağ salmağı tapşırır. Heykəltəraşlar, o cümlədən Baltazar Permozer binaların dekorativ tərtibatını daha da zənginləşdirmək üçün çoxlu sayda heykəltəraşlıq nümunələri yaradırlar. 1728-ci ildə Elba çayından gətirilmiş qumdaşı materialları ilə bəzədilən Zəng pavilyonu və tağ sıralarından ibarət qalereya kompleksi konstruktiv şəkildə tamamlanır.
Tərtib etdiyi layihəni və inşası demək olarki tamamlanmış sarayı memar Pöppelmann bu cür təsvir etmişdir:
.
Sarayın öz əhəmiyyətini itirməsi və dağıdılmasıKurfürst Fridrix Avqustun ölümünə qədər (yəni 1733-cü ilə kimi) dairəvi qala divarlarının yaxınlığındakı tikinti işləri müxtəlif intensivliklə həyata keçirilirdi. Onun oğlu vaxtilə planlaşdırılan konstruktiv əlavələrini davam etmək məqsədilə, saray planına bəzi yeniliklər və dəyişikliklər etmişdir. Həmin dövrdə Drezden şəhərində yaşamış fransalı memar Zaxarias Longelün tərəfindən yeni və səxavətli layihə tərtib olunmuş və saray əhli tərəfindən bəyənilmişdir (Zvinger sarayından başqa, o, Yaşıl qübbə və Çini pavilyonunun tərtibatında və inşasında aktiv fəaliyyət göstərmişdir). Bu layihə özündə sarayı əhatə edən qala ərazisinin genişləndirilməsini nəzərdə tuturdu; yeni boş ərazilərdə isə, mesenatlara məxsus evlərin və Katolik kilsənin tikilməsi nəzərdə tutulurdu. Bundan başqa, Zvinger təbiət elmlərinə istiqamətləndirilmiş Avropanın ən mühüm və böyük muzey komplekslərindən birinə çevrilir; burada qrafika və kunstkamera eksponatları ilə yanaşı, mərcan, mineral, daşlaşmalar, balıqqulağı və kəhrəbalardan ibarət kolleksiya, eləcə də botanika, zoologiya və anatomiya üzrə müxtəlif materiallar təqdim olunmuşdur; həmçinin alimlər burada böyük kitabxanadan da istifadə edirdilər. Zvinger artıq istixana və oranjereya ilə assosiasiya edilmirdi, bura Kral Elmlər sarayına çevrilir və bayram şənlikləri daha düzənlənmirdi.
Lakin Avropada şərait tədricən dəyişməyə başlayır. Həmin dövr memarlıqda klassisizm üslubu geniş vüsət almışdır; Saksoniyada digər məsələlər də ön planda idi (məsələn şəhərdən kənarda yerləşən Moritzburq qəsr arealı, Hubertusburq və Yapon sarayı). Krallıqda iqtisadi şərait pisləşirdi, bu da təbii ki, dövlət xəzinəsinə bilavasitə təsir göstərirdi. Fəvvarəli bu kompleksin saxlanılması böyük xərc tələb edirdi, buna isə daha ehtiyac görülmürdü. Yohann Yoaxim Vinkkelmann əntiq dövrün pərəstişkarı idi və keçmiş hadisələrə istinad edərək barokko üslubunun insanlarda yanlış fikir yaratdığını bildirmişdir.
Zvinger sarayı öz əhəmiyyətini sürətlə itirməyə başladığından, burada bir sıra digər tikililərin inşasına icazə verilmişdir; məsələn 1746-cı ildə opera impressariosu Pietro Minqotti Zvinger sarayının həyətində taxta teatr binasını qurmaq razılığını almışdır. Şair və satirik Con Barklayın şərəfinə inşa olmuş Argenide adlı opera teatrının açılış mərasimi 7 iyul 1746-cı ildə baş tutmuşdur, lakin iki il sonra tamaşanın nünmayişi zamanı baş vermiş yanğın hadisəsi nəticəsində tamamilə məhv olmuşdur. Teatr təməlinin qalıqları yalnız 1929/1930-cu illərdə aparılan təmir və sanasiya işləri zamanı yığışdırılmışdır.[19]
1756-cı ildən başlayaraq, düz 1763-cü ilə kimi davam edən Yeddiillik müharibə inşaat və mülki tədqiqat işlərinə maneəçilik törətmişdir. Şəhər istehkamlarının tərkib hissəsi olduğundan, Zvinger kompleksi hərbi əməliyyatlar zamanı top atəşinin altına düşmüş və ciddi dağıntıya məruz qalmışdır. Bundan başqa işğalçı qüvvələr binanı hərbi anbar və dəftərxana-iş yeri kimi istifadə edirdilər. Şəhərin uzun müddət mühasirədə qalması və bir sıra məhəllələrin ciddi dağıntıya məruz qalması səbəbindən, şəhər rəhbərliyi öz planlarına yenidən baxmaq məcburiyyətində qalır; yeni qərara əsasən, dağılmış istehkamlar yenidən bərpa edilməli, binaların yerləşdiyi məhəllələr isə yenilənməli idi. İstehkamların bərpası, gələcəkdə yeni qala divarlarının inşasının qarşısı alınması üçün edilən bir addım idi. Vətəndaşlar şəhər bəndlərinin qorunmasını və daha da genişləndirilməsi istəyirdilər, halbuki knyaz ailəsi daha çox saray-bağ tərtibatının konstruktiv yaxşılaşdırılması üçün bütün müdafiə qurğularının məhv edilməsinə meyl göstərirdilər. Uzun diskussiyaların bir nəticə verməyəcəyini anlayan knyaz ailəsi, yeni layihənin tərtib olunması üçün Bavariyadan saray memarı Fransua de Küvilliyeni Drezden şəhərinə dəvət edir. Bunun əsasda əvvəlki qala kompleksi dağıdılmışdır.
XIX əsrdə qorunma istiqamətində görülən işlər və dəyişikliklərXIX əsrin əvvəllərində sanasiya və yenidənqurma işlərinin əsas məqsədi dövrələyən qala divarlarını zəngin knyaz kolleksiyasının mərkəzi yeri kimi istifadə edilməsində idi. Buradakı divarların səthində rəsm kolleksiyaları yerləşdirilməli idi, buna görə də bir neçə pəncərə və qapı kərpiclə hörülərək bütöv divar yaradılmışdır. Markolini Zvingerdə muzey yaratmağı düşünərək dağılmaya qarşı qətiyyətli tədbirlər həyata keçirmişdir, lakin bütün bunlar binanın substansiyasında böyük zədələrə səbəb olmuş və onlar xeyli sonralar aşkar edilmişdir (memar bu zədələri əvvəlcədən sezməmişdir). O dövrün bilik səviyyəsinə uyğun olaraq ştükko adlanan naxış gips materialının köməyi ilə qumdaşı üzərində keçirilən təmir işləri və həmin qumdaşının səthinə vurulan yağlı boyalar sonradan özünün məhvedici təsirini göstərmişdir.
Görülən işlər zamanı yeni forma verilmiş ballustrad mübahisəyə səbəb olmuşdur. Klassisizm memarlığına yeni baxış (sadə konstruktivizm, nadir ornamental və plastik bəzəklər) görülən işlər zamanı balüstradadan bütün vazaların və fiqurların ixtisar edilməsi ilə nəticələnmiş, sonradan bu detalların bir çoxu şahzadə Maksın Ostra xiyabanında daha sonrakı dövrdə inşa edilmiş Çiaveris adlı sarayında öz yerini tapmışdır.
I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın 1792–1815-ci illərdə digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr dönəmində (həmin dövr daha çox Koalisiya müharibələri adı ilə də məşhurdur), Zvinger bəndi əsgərlər tərəfindən "Maqazeyn" kimi istifadə olunurdu (Maqazeyn — ordu ehtiyaclarını təmin etmək məqsədilə yaradılan hərbi təchizat anbarıdır). Bundan başqa, Napoleon dövründə Drezdendə Demontaj Komissiyasının tapşırığı ilə şəhər istehkamları büsbütün sökülür. Bu zaman, yəni 1812-ci ildə Kronentorun qarşısındakı dərin çuxur su ilə doldurulur, taxta açılan körpü isə "aradan qaldırılır". Bununla belə, saray memarı Qottlob Fridrix Tormayer keçmiş qalanı əhatə edən gölü toxunulmayan su hövzəsi kimi əldə etmiş və burada qayğı ilə tematik bağ sahəsini tərtib etməyə başlayır. Beləliklə saray kompleksini əhatə edən qalanın ətrafındakı şəhər-məkan kompozisiyası xeyli dəyişmişdir. Həmin Komissiyanın bədii məsləhətçisi təyin olunmuş Tormayer, Drezdenin yaxınlığında yerləşən Köniqştayn qalasında bir müddət öncə saxlanılan bütün lazımi sənədlərin təkrarən Zvinger sarayına geri qaytarılmasını təmin edir (1849-cu ildə baş vermiş Drezden üsyanı zamanı, qala Saksoniya kral ailəsi üçün sığınacağa çevrilmişdir. Üsyanın yatırılmasından sonra həbs edilmiş inqilabçılar, o cümlədən Saksoniya Kral Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmiş anarxist Mixail Bakunun də burada saxlanılırdı). Kolleksiya əmlakının saxlanılma şəraitini yaxşılaşdırmaq üçün 1840-cı ildə kompleksə daxil olan bir neçə kiçikölçülü binalarda yenidənqurma işləri həyata keçirilmişdir. Saksoniya kralı Antonun (1827–1836) və yüksək bədii duyumu olan Baş Nazir Bernhard fon Lindenaunun vəzifədə olduqları müddət ərzində əhatəli qalanın kolleksiyaları bir neçə gün vətəndaşların sərbəst girişi üçün açıq olmuşdur.[20]
Zemper qalereyasının tikintisiMütəmadi olaraq köhnə sənətkarların əsərlərini toplamaq ənənəsi məhz kurfürst Avqustun dövründə yaranmışdır. 1722-ci ildə Kunstkameranın tərkibindən ayrılmış rəssamlıq nümunələrinin inventarlaşdırılması keçirilmişdir. Kurfürstün əmri ilə, rəsm əsərlərinin saxlanılması və saray əyanlarına nümayiş olunması üçün saray atlarının saxlanıldığı bina yenidən qurularaq, geniş bir ekspozisiya məkanına çevrilmişdir. Rəsm əsərlərindən başqa, Saksoniya kurfürstlərinin ekspozisiyasına nadir çini kolleksiyası, maraqlı elmi alətlər toplusu və Mərkəzi Avropanın ən böyük qravür və qrafika kabineti daxil idi.[21] 17 may 1834-cü ildə eklektizm cərəyanının nümayəndəsi olan memar Qottfrid Zemper Frans Xristian Hau tərəfindən Drezden Kral Akademiyasında təsviri incəsənət memarlığı üzrə professor vəzifəsini tutmağa dəvət almışdır. O, Saksoniya kralına sədaqət andı içir və bundan sonra Saksoniyanın vətəndaşı və Saksoniya Bədii Cəmiyyətin fəxri üzvü olmuşdur.
Həmin vaxt, memar Qottfrid Zemper kralın və Karl Fridrix Şinkelin təklifi ilə Drezden şəhərinə çağırılmış və bağın başa çatdırılması üçün yenilənmə və planlaşdırma işləri üzrə səlahiyyətləndirmişdir. O, Pöppelmannın tərtib etdiyi ilkin konsepsiyanı dəstəkləyərək layihədə bir sıra əlavələr etmiş və O, 1837-ci ildə kral teatrının tikintisi və Zvingerin genişləndirilməsi üzrə ilk layihələrini knyaza təqdim etmişdir. Bu layihələr üzrə 1841-ci ildə açılan ilk Kral teatrı (1869-cu ildə yanğın nəticəsində məhv olmuşdur) yerinə yetirilmişdir. Bundan əlavə, yeni layihəyə əsasən, Fransız və Alman pavilyonlarındakı üzbəüz fligellər Elba çayı istiqamətində yerləşən opera binası ilə birləşməli idilər. Bu layihə həyata keçirilsə idi, bugünki Teatr meydanı artıq tam olaraq formalaşmış bağ arealının əsas hissəsi olacaqdı. Zvingerin yenidən qurulması üzrə planlar bir neçə dəfə təkrar gözdən keçirilmişdir, lakin onların heç biri sonda reallaşmamışdır. Bunun əvəzində 1846-cı ildə Zvingeri şimal-şərq tərəfdən rəsm qalereyasının binası ilə başa çatdırılması qərara alınmışdır. Tezliklə Zemper qalereyalarının tikintisi ilə tanışlıq üçün İtaliyaya gedir. Bundan sonra onun artıq təklif etdiyi yeni layihə təsdiq edilmişdir. Layihənin həyata keçirilməsi artıq 1847-ci ilin yay aylarında başlanılmışdır. Təqlid üçün nümunə qismində, Münhen şəhərində yerləşən və yüksək İntibah dövrü üslubunda inşa olunmuş Alte Pinakotek (Köhnə ustalar) binası götürülmüşdür. Zemper burada böyük qübbə inşa etməyi planlaşdırırdı; onun 8 qalereyaya çıxışı olmalı və yaxınlıqdakı Kronentor ilə ümumi ansambl yaratmalı idi. 1849-cu ildə baş vermiş inqilabda Zemper iştirak etdiyindən, o, krallıqdan qaçır və onun əvəzinə memar Karl Moritz Henel tikintini başa çatdırmaq tapşırığı alır. Memar Bernhard Krüger (o, Zemperin tələbəsi idi) müəlliminin bütün ideyalarını rədd edir. İnteryer memarlığının daha detallı şəkildə araşdırmaq məqsədilə, Krüger dostu Henel ilə birlikdə 1851-ci ildə Berlin və Münhenə səyahət edir.[22] Tikinti işləri 1854-cü ilə qədər davam etmişdir; 25 sentyabr 1855-ci ildə Zvinger kompleksinin "Yeni muzey" adlı fligelinin təntənəli açılış mərasimi düzənlənmişdir.
1849-cu ildə baş vermiş May qiyamıKommunaçıların tərəfdarı kimi 1849-cu ildə May qiyamında iştirak edən Zemper Drezden şəhərinin tərk etməli və tərtib etdiyi bütün layihələri Karl Moritz Henelə təhvil verməli idi. O vaxtdan onların arasında dəfələrlə yazılı əlaqə mövcud idi. Bu gün bu bina Zemper qalereyası adlanır.[23]
İnqilab zamanı Drezdendəki bəzi binalar strateji cəhətdən faydasız kimi baxılırdı. Buraya həmçinin Zvinger kompleksinin yaxınlığında yerləşən Birinci Opera teatrının binası da aid edilirdi. Müvəqqəti hökumətin razılığı ilə, 6 may 1849-cu ildə barrikadaların komandiri müqəddəs Sofiya kilsəsini külə döndərməyi tapşırır. Beləliklə başlanğıcda üsyançılar ümid edirdilər ki, yanğın qonşuluqdakı knyaz sarayına da keçəcək. Bununla belə, alov qəflətən küləyin istiqamətinin dəyişməsi ilə şəhər pavilyonunu və Zvinger tingliklərini öz ağuşuna alır. Alovun Zvingerə keçəcəyini üsyançılar gözləmirdilər. Yanğın böyük struktur zədələnməyə səbəb olmuşdur; belə ki, şəhər pavilyonu ilə tingliyin şərq hissəsi tamamilə dağılmışdır. Bundan əlavə, Drezden daha bir böyük itki ilə üzləşir: bir zamanlar Flora adı ilə məşhur olmuş Saksoniya Botanika və Bağçılıq Cəmiyyətinin misli bərabəri olmayan kolleksiyası dəhşətli yanğın nəticəsində məhv olur. Zəngin kolleksiyanın tərkibinə 6000-dən çox herbari və 800 cild nadir kitabı özündə qoruyub saxlamış kitabxana daxil idi. Bura Avropanın ən əhəmiyyətli ixtisaslaşdırılmış botanika kitabxanası idi və təbii ki, həmin dövrün hər sarayı bu cür kolleksiyalar ilə öyünə bilməzdi.[24][25] Deqradasiyaya uğramış tingliyin və əhatəli qala divarlarının təkrar bərpası, memar Karl Moritz Henelin rəhbərliyi altında 1863-cü ilə qədər həyata keçirilmişdir.
Binanın mühafizəsi istiqamətində görülən işlərDrezden qalereyasının inşasından sonra qala divarları ətrafında inşaat estetik hamorniyasını itirdi. Yenicə fəaliyyətə başlayan qanadın qarşısında köhnə, uzun qalereyalar və ağaclarla əhatə olunmuş nimfa hovuzu yerləşirdi. 1855-ci ildə Henel hovuz ərazisini xarabalıq adlandırdı və neoromantik aspektləri nəzərə alaraq konservasiya işləri aparılmalı olduğunu bildirdi. Rəng uyğunluğu əldə etmək üçün ərazidə olan bütün köhnə tikililər kətan yağı ilə boyandı. Növbəti mübahisəli məsələ isə qala divarlarının bərpası ilə bağlı idi, belə ki, yeni kəşf edilmiş Portlend sementinin istifadəsi divarların dağılmasını daha da sürətləndirdi.
Kornelius Qurlitt və Robert Domenin XVII–XVIII əsrlərdə tərtib etdikləri memarlıq və dekorativ incəsənət nümunələri, O cümlədən onların gələcək işləri Drezdendə mövcud olan barokko üslubunda binalara yeni münasibətin formalaşmasına səbəb olmuşdur. Zvinger sarayında indiyədək istifadə edilən bərpa tədbirləri ilə yaxından tanış olan Abidələrin Qorunması üzrə Komissiya (alm. Gründung der Kommission zur Erhaltung der Kunstdenkmäler) kompleksə daxil olan binalarda daha rəngli boyalardan istifadə etməməyi qərara almış, bunun yerinə isə ən yaxşı çay qumundan istifadə etmək məsləhət görülmüşdür. Lazımi təxsisat və lisenziyalar vaxtında verilmədiyindən, binanın zərif rejimdə bərpası yalnız 1911-ci ildən başlanılmışdır.
Rokoko üslubunun dirçəlişi, Drezden Rəssamlıq Akademiyasının professoru Georq Vrba ilə layihəni gerçəkləşdirən memarlar arasında intensiv mübahisələrin yaranması üçün bəhanə kimi istifadə olunmağa başlamışdır. Vrba mərkəz ox boyu daha ağır kubşəkilli formaların yaradılmasının tərəfdarı idi; Leypsiq İncəsənt Tarixi İnstitutunun professoru Avqust Şmarzovun bildirdiyinə görə, köhnə stəkanvari bəzək elementlərinin dəyişdirilməsi ilə parallel şəkildə əlavə fligellərin də tikintisinə başlamaq lazım idi. Həmin bu tez-tez şəklini dəyişən konstruktiv element uğrunda gedən çoxsaylı mübarizələr, bu arada abidəyə olan şüur ifadəsinin inanılmaz dərəcədə böyüməsi ilə bağlı idi. Sarayın orijinal müasir görkəmini və ilkin formasını saxlamaq üçün sonrakı yaradıcı müdaxilələ qadağa qoyulmuşdur.
Birinci Dünya Müharibəsi başlayana qədər aparılan bərpa və yenidənqurma işləri zamanı qəfil problemlərin sayı sürətlə artmağa başlayır. 1915-ci ildə fasada bir neçə mühafizə qurğularının əlavə olunmasından sonra, burada vəziyyət daha da kəskinləşdi və binanın dağılma prosesi sürətləndi. Binanın damında yerləşdirilmiş bir neçə fiqur qırılaraq ətrafdakı navalçalara düşür. Daha böyük konstruktiv elementlər isə, ümumiyyətlə əsas binadan böyük çatlar ilə ayrılaraq dağılmağa başlayır. Ardıcıllıqla yanlış sanasiya metodlarından və daş materiallar üçün təhlükəli olan maye substansiyalarından istifadə, binanın eksteryerinə qorxunc təsir göstərmişdir.
Zvinger baraklarının köməyi ilə görülən restavrasiya işləri1921-ci ildə yenidənqurma işlərinə yönəlmiş işlər bərpa olunmuşdur, lakin qısa müddət sonra, yəni inflyasiya dövründə valyutanın dəyərsizləşməsinə görə bütün işlər dayandırılmışdır. Yalnız 1924-cü ildə Drezden şəhərində Zvinger ustalarının ittifaqı yaradıldıqdan sonra, saray kompleksinin dağılmasının qarşısını almaq mümkün olmuşdur. 1936-cı ilədək özünün geniş diapazonlu fəaliyyəti ilə fərqlənən bərpa emalatxanasının rəhbərliyinə 15 oktyabr 1924-cü ildə memar Hubert Georq Ermiş təyin olunmuşdur. Georq Vrba ilə birgə tərtib edilmiş iş planı özündə 2 əsas məqsədi nəzərdə tuturdu: Zvingerin texniki xilası və onun memarlığının bədii intibahı idi.
Qələvi substansiyaların köməyi ilə Zvingerin bütün xarici fasadları neftlə çirklənmiş rənglərdən və bütün sement və suvaq materiallarından təmizlənmiş, həmçinin aşınmaya məruz qalmış qumdaşı bölgələri "kruaze de transept" elementləri ilə əvəz olunurdu. Daha sonralar isə əhatəli qalanın daxil olduğu bütöv kompleksin drenaj sistemi əsaslı təftiş və dəyişikliyə məruz qalmışdır. O vaxtkı biliklərə əsasən, terrasların genişləndirilməsi və böyüdülməsi rütubətə qarşı edilən bir addım idi. Bədii-tarixi məsələlərin rəsmiləşdirilməsi, eləcə də Pöppelmann tərəfindən yaradılmış mis qravür əsərləri bir çox illüstrasiyalı konstruktiv elementlərin yaradılması üçün bir növ əsas olmuşdur; sarayın interyeri və bəzək elementləri haqqda geniş məlumat verən keçmiş arxiv sənədləri isə restavrasiya işlərinə böyük yardım etdi. XIX əsrin sonlarında kompleksə daxil olan binalarda edilmiş dəyişikliklər və əlavələr bərpa işləri zamanı aradan qaldırılmışdır. Bu cür zəhmətli və ağır işlərə təxminən 100 mütəxəssis cəlb olunmuşdur.
Riyaziyyat-Fizika Salonunun təkrar açılışı 20 mart 1929-cu ildə baş tutmuşdur. Həmçinin XIX əsrin ortalarında torpaqla doldurulmuş Zvinger katlovanının bərpasına başlanılmışdır. 1936-cı ildə xarici divarların restavrasiyası nəhayət başa çatmışdır, bundan sonra daxili tərtibatın sanasiya işlərinə start verilmişdir. 1939-cu ildə çini kolleksiyası ictimaiyyət üçün açılmışdır. Ziyarətçilərə prezentasiya və ekspozisiya işlərinin həyata keçirilməsi qeyri-mümkün olduğundan, Təbiət-Tarix Salonunda yeni təmir işlərinin həyata keçirilməsində zərurət yaranmışdır. Kompleksdə yeni fligel və ekspozisiya mərkəzinin yaradılması planlaşdırılırdı, lakin qəflətən başlayan İkinci Dünya müharibəsi muzey işçilərinin bütün bu səylərinə son qoyur.
İkinci Dünya müharibəsi illərinin ağır dağıntıları və sonrakı yenidənqurma işləriBir neçə il sonra Zvinger sarayının dağılmasına səbəb olacaq və 1924-cü ildən başlayaraq mütəxəssislər tərəfindən onun xilası uğrunda mübarizə aparacaq dəhşətli hadisələr baş verdi. İkinci Dünya müharibəsi illərində və xüsusən də 13–14 fevral tarixində Drezden şəhərinin bombalanması zamanı, Zvinger sarayı güclü dağıntıya məruz qalmışdır. Hans Nadler onu belə təsvir edir: "Saxlanmış hissədə qalıb: Nimfa fontanı, dörd künc korpusu əhatə edən divarlar, uzun qalereya və Taclı darvaza. Divarın yanındakı qalereya, ona bitişik olan əyri qalereya bombardman nəticəsində təməlinə kimi dağılmışdı.".[26] Rəsm qalereyası yalnız şimal tərəfdən ciddi dağıntıya məruz qalmışdır. Bütün binalar və onların dam örtükləri də yanmışdır. Mis basmanaxışı ornamentləri ilə bəzədilmiş qismən bahalı dam örtüyü, bomba qalıqlarının zədələdiyi terrasların üzərinə və əhatəli qalanın həyətinə düşmüşdür. Drezdendə baş verən yanğın tezliklə "odlu qasırğaya" çevrilir; şəhərin daxili məhəllələrində temperatur 1500 °C qədər artır; Zvingerdəki yanğın o qədər güclü idi ki, alovun dilləri pəncərələri sındıraraq bayıra çıxır və bununla da fasadın tikintisində istifadə olunmuş qumdaşı materialında dönməz mineral-struktur dəyişikliklərinə səbəb olmuşdur. qətirib çıxarır. Fasadı bəzəyən bir neçə ornament elementləri, materialın qızması nəticəsində quraşdırılmış yerdən qırılaraq hələ yerə düşmədən parçalanırdı. Binanın bir çox hissələrində tarazlıq daha mövcud deyildi.[27]
Xüsusilə sarayın divarında rus əsgəri tərəfindən edilmiş yazı hamıya çox yaxşı məlumdur. Yazıda deyilir: Muzey tam olaraq yoxlanılıbdır. Minalar aşkar edilməyib. Binanı yoxlayan Xanutindir. Hazırda həmin bu yazı Teaterplatz meydanına açılan Zemper qalereyasının sağ portikində yerləşir, ancaq binanın fasadında edilən rekonstruksiya və sanasiya (təmizləmə) işlərindən sonra yazının aydın oxunuşu azalmışdır (yazının bir hissəsi silinibdir).
14 avqust 1945-ci ildə Drezden şəhərində vəzifəli şəxslərin iştirakı ilə, rekonstruksiya koordinasiyası üzrə birinci məsləhətləşmə prosesi keçirilmişdir. 18 avqust tarixində, Sovet ordu idarəsi sarayı bərpa etmək niyyətini bariz şəkildə nümayiş etdirir və buna görə də Drezden kompleksinə dərhal taxta-inşaat materiallarını gətirəcəyini bildirir. Sovet hərbi administrasiyasının əmri ilə, iki mədəni tikilinin bərpası və yenidən müdafiəsinə göstəriş verilmişdir. Bunun əsasında, yenidən təsis edilmiş Saksoniya Dövlət administrasiyası 1945-ci ilin sentyabr ayında Zvingerin yenidən qurulması üçün ilk büdcəni təsdiq etmişdir.[28] Beləliklə 1945-ci ilin payız aylarında yerli Drezden memarı olan Hubert Georq Ermişin rəhbərliyi altında "Zvinger inşaat kampaniyası" yaradılır və sarayın bərpa işlərinə start verilir. Bu kampaniyanın ilk iştirakçıları sırasına heykəltəraş Albert Braun (1899–1962), memar Artur Frentsel (1899–1975) və mis işləri üzrə usta Yagyi daxil idilər.
Zvingerin birinci ictimai təqdimatı 1951-ci ilin may ayında, yəni daxili həyətin bir hissəsinin ziyarətçilər üçün açıldığı zaman baş vermişdir. Həmin ildə Zvinger xəndəkləri genişləndirilmiş, əhatəli qalanın isə ümumi su səthi böyük göl ilə birləşdirilmişdir. 1951-ci ilin iyul ayında Kronentor darvazasının bərpası nəhayət tamamlanır; Riyaziyyat-Fizika salonu 1952-ci ilin iyun ayında, Val pavilyonunun 3 frontonu 1954-cü ildə, Zəng pavilyonu isə 1955-ci ildə başa çatmışdır. Rəsm qalereyasının rəsmi açılışı 3 iyun 1956-cı ildə, yəni Drezden şəhərinin 750 yaşı tamam olması şərəfinə keçirilən bayram mərasimi zamanı düzənlənmişdir, lakin qalereyanın tam bərpası yalnız 30 oktyabr 1960-cı ildə başa çatmışdır. Bərpa işlərinin məsrəfləri təxminən 7.9 mln alman markası həcmində qiymətləndirilmişdir. Sadələşmiş bərpa-icraat işlərindən sonra, Fransız pavilyonunun 1960-cı ildə ziyarətçilər üçün yenidən açılmışdır. Mərmərdən hazırlanmış dəyərli fiqurlar və suvaq elementləri sonralar bərpa işlərində istifadə etmək üçün hələ bombardmanlardan öncə muzey kollektivi tərəfindən xilas edilmişdir. Yalnız 1963-cü ildə Val pavlyonu ictimaiyyət üçün açılmışdır. Bundan öncəki illərdə pavilyonun interyerlərini saxlayan ilkin konstruksiyalar muzey kimi istifadə olunması üçün tərtib olunmamışdır. 1963-cü ildən başlayaraq Zvinger kompleksi müharibə illərindən öncə olduğu kimi aktiv təmir-bərpa fazasına keçid alır. Müharibədə ciddi zədələr almış Sofienkirxa kilsəsinin yenidən qurulması üçün kifayət qədər pul vəsaiti çatışmadığından, şəhər bələdiyyəsinin birgə qərarı ilə 1962-ci ildə dinamit partlayıcısı ilə yerlə yeksan edilmişdir. Dövlət konservatoriyasının keçmiş kuratoru, sonradan isə Drezdenin fəxri vətəndaşı seçilmiş Hans Nadler İkinci dünya müharibəsinin bitdiyi ildən başlayaraq düz 1965-ci ilə qədər Zvinger sarayının bərpası üçün ayrılmış ümumi məbləği 11,8 mln marka həcmində qiymətləndirmişdir. Bəzi otaqların (interyer məkanlarının) yenidənqurma və tərtibat işləri bu yaxınlarda başa çatmışdır.[29][30]
Zvinger sarayı XXI əsrdəÇoxsaylı leysan yağışları son 150 il ərzində ən güclü və böyük daşqınlara səbəb olmuşdur. 2002-ci ilin avqust ayında Elba çayında baş vermiş güclü daşqın zamanı, bilavasitə Zvingerə yaxın olan sahədə (əhatəli qalanın yaxınlığında) suyun səviyyəsi 9,40 metr qalxmışdır. Bununla belə, Elba çayının sağ qolu olan və şəhərin qərb tərəfindən axan Vaysseritz çayının səviyyəsi də xeyli artmışdır. Elba çayının bu qolu daşqına görə müvəqqəti olaraq öz məcrasını dəyişmiş və yeni istiqamətdə axmağa başlamışdır (Vaysseritz əvvəllər Fridrixştadt və Vilsdrufer Forştadt rayonlarından keçməklə, Landtaq meydanının yaxınlığında Elba çayına tökülürdü).[31] Beləliklə, Drezden şəhərinin qədim hissəsi 2 istiqamətdən çay suları ilə dolmağa başlayır, lakin ən kədərlisi o idi ki, Zvinger sarayı daşqın hadisəsinin episentrində (mərkəzində) yerləşirdi. Tədricən şəhər və kəndlər, dəmir və avtomobil yolları, kənd təsərrüfatı sahələri və tarixi abidələr su altında qalmışdır. Əvvəlcə böyük çaylar Almaniyanın cənub torpaqlarını zəbt etməyə başlayır. Həmin gün Almaniyada fövqəladə vəziyyət elan edilmişdir. Bir çox avtomobil və piyadalar üçün körpülər zədələnmiş və amansız təbii fəlakət nəticəsində tamamilə məhv edilmişdir. Avqustun 16-dan başlayaraq, daşqının miqyası fəlakətli xarakter almışdır. Əhalinin təhlükəsiz yerlərə kütləvi evakuasiyası başlanılmışdır. 19 mindən çox Bundesver əsgəri xilasetmə işlərində iştirak etmişdilər. Bu irimiqyaslı təbii fəlakət nəticəsində, onlarla adam itkin düşmüş, 15 nəfər həlak olmuş, bir neçə yüz sakin isə müxtəlif dərəcəli xəsarət almışdır. Almaniya iqtisadiyyatına dəyən bu böyük zərbə, 15 mlrd. avro civarında qiymətləndirilmişdir.[32][33]
Yanğın komandasının və Texniki yardım işlərinin təşkilindən böyük sayda istifadə olunmasına baxmayaraq, çay səviyyəsi katastrofik səviyyədə idi və sular artıq saray həyətinə dolmuşdur və bunun qarşısını almaq mümkün deyildi.[34] Muzey işçiləri sənət əsərlərini xilas etmək ümidi ilə bütün şəkil və çini qabları zirzəmiyə köçürmüşdülər. Ancaq hətta orada da su kütləsi mədəni irsə təhlükə yarada bilərdi. Daşqından yalnız bir neçə gün sonra su Zvinger həyətindən güclü nasosların köməyi ilə çəkilmişdir. Daşqın əhəmiyyətli dərəcədə memarlıq və bağ-park kompleksinə ziyan vurmuşdur. 2008-ci ilin may ayından — 2012-ci ilin noyabr ayınadək kompleksin Riyaziyyat-Fizika salonunda köklü şəkildə sanasiya işləri aparılmışdır.[35] Arxeoloqlar pavilyonun həyətindəki qrot, fəvvarələri təmizləyərkən, çoxlu sayda suvaq fraqmentlərini aşkar etmişdilər. Məhz bu səbəbdən də, Riyaziyyat-Fizika pavilyonunun zirzəmisində sərgi sahəsinin genişləndirilməsi üçün nəzərdə tutulmuş planlar ümumi kollegiyanın qərarı ilə ləğv edilmişdir.[36] 14 aprel 2013-cü ildən başlayaraq riyazi və fiziki alətləri kolleksiyası geniş tərkibdə eyniadlı pavilyonda qonaqlar üçün yenidən açılmışdır.
2013-cü ildə Zemper qalereyasının yenidənqurma işlərinə start verilmişdir. 2015-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulan ilk tikinti fazasında şərq fligelinin sanasiyası təqribən 22,3 mln. avro məbləğində qiymətləndirilib, qərb fligelinin daha sonrakı bərpa-sanasiya işlərinin ümumi məbləği isə 24,4 mln. avro civarında qiymətləndirilir. Muzey rəhbərliyinin qoyduğu əsas şərt, kompleksə daxil olan binaların ümumi eksteryer quruluşunun qorunub saxlanılması idi; bunula belə, bütün müasir təhlükəsizlik sistemləri, əlavə çıxış və girişlər, ziyarətçilərin azad və problemsiz muzey binalarına daxil olmaq imkanları da restavratorlar tərəfindən yaradılmalı idi. Sarayın damında baxımsızlıqdan çatlar yaranmışdır və uzun müddət həmin bu çatlara su dolduğundan buranı şibyə və mamır basmışdır; həmçinin aşınmaya məruz qalmış fasad, fənərlərə isə dəymiş zərər Zvingerdə təmir-bərpa işlərinin daha kompleks şəkildə aparılmasını zəruri etdi.[37]
Hal-hazırda Zvinger kompleksi Saksoniya Dövlət Qəsr, Malikanə və Park İdarəsinin bir hissəsidir. Keçmişdə bura Saksoniya kral və knyazlarının iqamətgahı idi, indi isə bura böyük muzeydir.
↑ Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 313. ↑ Otto Richter: Verfassungsgeschichte der Stadt Dresden. Erster Band. Dresden 1885, S. 8–9. ↑ Dehio, Dresden, 2005, S. 52. ↑ Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 327–328. ↑ Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 16. ↑ Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 14–18. ↑ Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 22. ↑ Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 25. ↑ Adolph Canzler, Alfred Hauschild, Ludwig Neumann: Die Bauten …. 1878, S. 70–72. ↑ Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 422. ↑ Dirk Syndram, P. Ufer: Die Rückkehr des Dresdner Schlosses. 1. Auflage. edition Sächsische Zeitung, 2006, S. 63. ↑ Michael Kirsten: Der Dresdner Zwinger. (= DKV-Kunstführer Nr. 576/0). 1. Auflage. Deutscher Kunstverlag, München/ Berlin o. J., S. 26. ↑ Heckmann: Pöppelmann 1986, S. 44–45. ↑ Heckmann: Pöppelmann 1986, S. 90–93. ↑ Ermisch: Zwinger. 1953, S. 23. ↑ Ermisch: Zwinger. 1953, S. 51–52. ↑ Hermann Heckmann: Matthäus Daniel Pöppelmann. Deutscher Kunstverlag, 1972, S. 157. ↑ Adolph Canzler, Alfred Hauschild, Ludwig Neumann: Die Bauten …. 1878, S. 79–80. ↑ Ermisch: Zwinger. 1953, S. 60–62. ↑ Ermisch: Zwinger. 1953, S. 68. ↑ "Ъ-Власть — "Дрезден — не место для выставочных блокбастеров"". 2012-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24. ↑ Volker Helas: Architektur in Dresden 1800–1900. S. 180. ↑ Ermisch: Zwinger. 1953, S. 70–72. ↑ Dänhardt: Festschrift Flora. 1926, S. 37. ↑ Ermisch: Zwinger. 1953, S. 73–74. ↑ Hans Nadler: Daten zum Wiederaufbau des Zwingers nach der Zerstörung 1945. In: Harald Marx: Matthäus Daniel Pöppelmann. 1990, S. 175. ↑ Ermisch: Zwinger. 1953, S. 95. ↑ Ermisch: Zwinger. 1953, S. 96. ↑ Hans Nadler: Daten zum Wiederaufbau des Zwingers nach der Zerstörung 1945. In: Harald Marx: Matthäus Daniel Pöppelmann. 1990, S. 176–177. ↑ Das Kulturleben unserer Stadt. In: Dresdner Stadt-Nachrichten I. Jahrgang, Nr. 13; 2. Juli 1957. ↑ Landesamt 2002 in Martin Ernst & Manfred Stephan: Rezente Hochflutsedimente der Müglitz südlich Dresden (Erzgebirge, Sachsen) im Vergleich mit Sandsteinbänken der Erdgeschichte. Jahresberichte und Mitteilungen des Oberrheinischen Geologischen Vereins, Neue Folge, 89: 11–35, Stuttgart 2007. ↑ 13. August, Dienstag: Die Katastrophe ist da Arxivləşdirilib 2018-06-21 at the Wayback Machine – www.mdr.de ↑ 14. August, Mittwoch: Warten auf die zweite Welle Arxivləşdirilib 2018-06-21 at the Wayback Machine – www.mdr.de ↑ Kronentor bis 2016 saniert Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine, Online-Artikel der Sächsischen Zeitung vom 6. November 2013. ↑ Baukultur trifft Technikkultur – Sanierung des Mathematisch-Physikalischen Salons (MPS) Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine (PDF; 25 kB), Medieninformationen des Sächsisches Staatsministeriums der Finanzen vom 11. Oktober 2012. ↑ "Mathematisch-Physikalischer Salon im Dresdner Zwinger fast fertig". Dresden Fernsehen. 2012-10-11. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23. ↑ Sempergalerie – Alte Meister in neuem Licht Arxivləşdirilib 2021-11-09 at the Wayback Machine, Medieninformationen des Sächsischen Staatsministeriums der Finanzen vom 17. Januar 2014.
Add new comment